“Əsəbiləşirdim ki, camaat baş kəsir, qan tökür, ad qazanır, Qazan xanın oğlu da gül-çiçək toplayır…”
Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkədə profil fotosuna yazdığı “Gül-çiçəkdən xoşum gəlir, amma Qazan xan oğlu Tural deyiləm” sözlərinə görə tənqid olunmasına, Qazan xanın Tural adlı oğlu olmadığı barədə fikirlərə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, kim onun sözlərini trendə çeviribsə, canı sağolsun.
“Hər gün çox gərgin işimiz olur. Bəzən doğurdan da əsəblər dözmür, tarıma çəkilir. Cəmiyyətimiz içindən də deputatlara, bütün vəzifəli şəxslərə basqılar olur. Digər tərəfdən vətəndaşların sosial problemləri də çoxdur. Buna görə də əsəblərini bizim üzərimizə tökürlər. Bütün dünya əslində belədir. Mən də hərdən maşını saxlayıb, gördüyüm gözəllikləri fotoya alıram, video çəkirəm. Bəzən ürəyindən keçəni də dilə gətirmək, bəzən zarafat etmək, bəzən stress atmaq istəyirsən. Maşallah olsun, bizim insanlarımız da hər şeyə münasibət bildirirlər, hər şeydə nəsə axtarırlar. Belə də götürəndə bu, pis deyil. Uşaqlıqdan “Qazan xanın oğlu” yadımda qalıb. Əsəbiləşirdim ki, camaat baş kəsir, qan tökür, ad qazanır, Qazan xanın oğlu da gül-çiçək toplayır. Xoşum gəlmirdi. Deyirdim ki, kişi gül-çiçək toplamaz. Amma indi fikirlərimdə dəyişiklik var. Kişi igidlik də edər, qılınc da oynadar, nizə atar, ox atar, ov ovlayıb, quş quşlayar, yeri gələndə də gül-çiçək toplayar. Gül-çiçək toplamaqla bağlı ürəyimdən keçən ifadəni yazdım. İndi insanlarımız onu trendə çeviribsə, canları sağ olsun. Nə deyim daha…”, – deputat bildirib.