Prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin SEÇKİ PLATFORMASI

Azərbaycan yeni seçkilərə öz suverenliyini və sərhədlərini tam bərpa edən bir ölkə kimi gedir. İkinci Qarabağ müharibəsində qazanılan tam zəfər ölkənin sosial dövlət olaraq inkişafını zəruri edir. Bu inkişaf xalqımızı dünyanın ən varlı və xöşbəxt xalqlarından biri etmək missiyası daşımalıdır. Bunu əsas götürərək, Milli Cəbhə Partiyası və onun prezidentliyə namizədi Razi Nurullayev Azərbaycanın sosial dövlət olaraq inkişafını və sosial demokratiyanın cəmiyyətdə bərqərar olmasını vacib hesab edir. 

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd olaraq Razi Nurullayev inanır ki, ölkənin gələcəyi və inkişafı, sosial layihələrin həyata keçirilməsi indi qarşımızda duran əsas vəzifədir. İnsan ləyaqətinin uca tutulması, yüksək təhsil, əhalinin yaşlı təbəqəsinin sosial hüquqlarının qorunması və sosial təminatının artırılması, gənclərin iş və sosial həyatının təminatı, asudə vaxtının səmərəli təşkili bizim üçün əsas proiritetdir. Biz bununla sosial-demokratiya ideyasını ölkədə gerçəkləşdirəcək, savadlı, sosial hüquqları qorunan və təminatı olan cəmiyyət formalaşdıracağıq. Bunun üçün kompleks islahatlar aparılmasını zəruri hesab edirik. 

Azərbaycanın inkişafı və gələcək perspektivləri ideoloji prinsiplərin təbliği, sosial dövlətin inkişafı, təhsil, sosial təminatlar, biznes mühitinin keyfiyyətinin yaxşılaşdırılmasından keçir.  

Platforma

  1. İdeologiya sahəsində

– Biz sosial-demokratiya ideoloji xəttini rəhbər tutaraq, insanların bərabərlik, azadlıq və həmrəylik prinsipləri əsasında yaşamasını təmin edəcək, sinfi bölünmənin qarşısını alacaq, bununla da xalqın azad və firavan yaşamasının təminatçısı olacağıq; 

– Sosial-demokratik dəyərlərin cəmiyyətə aşılanması, öyrədilməsi və geniş xalq kütlələri tərəfindən qəbul edilməsinə nail olacaq və bu dəyərlərin müdafiəçisi olaraq, onun qorunmasını təmin edəcəyik;

– Azad və firavan yaşayan xalqın bütün sosial, siyasi, iqtisadi hüquqları tərəfimizdən təmin ediləcək, insan hüquqlarının müdafiəsi və qorunması əsas baza prinsiplərimizdən biri olacaqdır;

– Sosial dövlət olaraq bizim inkişaf yolumuz təhsil və əhalimizin yaxşı yaşamasıdır. “100 faiz keyfiyyətli təhsil, 100 faiz orta gəlirli stabil təbəqə” ideoloji xəttimizin əsas tezislərindən biridir və bunun bazasında sosial-demokratiya ideyası durur. Ana xəttimiz hər kəs təhsilli olmalı, ləyaqətli yaşayışına zəmin yaradan sosial təminatı olmalıdır. 

– Biz yaxın 5 il ərzində əhalinin varlı yaşamasının təmin olunmasının iqtisadi-sosial plarformamızın əsas prioriteti hesab edirik. 2028-ci ilə kimi ölkədə minimum əmək haqqı 2.5-2.7 dəfə artılıraq, 800-900  manat  həcmində olacaq. 

– Planlaşdırılan sosial təminatın yerinə yetirilməsi üçün dövlət öz üzərinə düşən öhdəlikləri birmənalı yerinə yetirəcəkdir. Eyni zamanda xalqımız da bu sahədə öz bilik və bacarıqları ilə dövlətə kömək edəcək və sosial rifahımız 2030-cu ilə kimi dünyanın ilk 20-liyində təmsil olunan ölkələrlə eyni reytinqi bölüşəcəkdir.

  1. Təhsil və elm sahəsində görüləcək işlər
  • Yeddi il ərzində bütün kəndlərdə ilkin olaraq təhsil sisteminin alt yapısı sayılan baxçalar yaradılacaq və bütün kəndlərdə uşaq baxçaları təşkil olunacaq ki, bu da uşaqların təlim-tərbiyəsində, inkişafında mühüm rol oynayacaq;
  • Orta məktəblərdə təhsil yükünün əsaslı şəkildə azaldılması iki-üç il ərzində həyata keçiriləcək. Bütün orta məktəblərdə nəzəri dərslər məşğələlər və təcrübi dərslərlə  uzlaşdırılacaq. Yalnız nəzəriyyə ilə dərs keçmə prosesi birdəfəlik aradan qaldırılacaq. Bunun üçün bütün məktəblərin maddi-texniki təchizatının təkmilləşdirilməsi yeddi il ərzində ftam olaraq yekunlaşacaq;
  • Bütün bölgələrdə mövcud olan peşə məktəbləri xarici təcrübə ilə yenidən qurulacaq və ciddi şəkildə daxili və xarici sərmayələr cəlb ediləcək. Dünyanın aparıcı ölkələri ilə bu sahədə müştərək peşə məktəblərinin yaradılması üçün Azərbaycan əsas xərcləri öz üzərinə götürərək onların texnoloji və təhsil proqramlarını məktəblərə cəlb edəcək. Yeddi il ərzində peşə təlimi sahəsində Azərbaycanın 70-80 faiz civarında öz kadr ehtiyaclarını təmin etmək vəzifəsini üzərimizə götürürük;
  • Mövcud test imtahan sisteminin təhsili çərçivəyə alaraq qəfəs halına salması günümüzün reallığıdır. Test üsulunun tətbiqi yüksək keyfiyyətli və əhatəli bilik, o cümlədən təhsil sisteminin qarşısında maneəyə çevrilib. Ona görə də bu imtahan sistemini dəyişib müasir təhsil sisteminin sintezini yaratmaqla, rəqabət mühitini formalaşdıracağıq. Hər bir oxumaq istəyən gənc, yaxud yaşlı insan topladığı baldan asılı olaraq Ali təhsil müəssisələrinə yerləşdiriləcək. İmtahan daha rəqabətli Ali təhsil müəssilərində oxumağa xidmət edəcək, təhsildən kənarda qalmağa yox. 
  • Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsilə büdcədən ayrılan vəsaitin digər sahələrdən daha çox olması təmin ediləcək;
  • Ali təhsil sistemində təhsilin daha yaxşı təşkili və təhsilalanların maraqlarının qorunması üçün universitetlərin idarəolunmasında yeniliklər tətbiq olunacaq. İdarəetməyə təyinat yox, seçki sisteminini daha çox fayda gətirəcəyi qənaətindəyik. Ona görə də rektorlar təyinatla yox seçki yolu ilə seçiləcək;
  • Dövlət Ali təhsil müəssisələrində tədricən ölkə vətəndaşları üçün pulsuz təhsil tətbiq olunacaq; ilkin olaraq bütün qız uşaqlarının dövlət hesabına pulsuz təhsili təmin ediləcəkdir.
  • Dövlət ali təhsil müəssisələri ilə yanaşı özəl ali təhsil müəssisələrində də qız uşaqlarının dövlət hesabına oxumasını dövlət öz üzərinə götürəcək;
  • Elmin inkişafı üçün əsaslı vəsait ayrılacaq. Həqiqi olaraq elm sahəsində çalışan, özünü, həyatını və karyerasını elmə sərf etmək istəyən hər bir şəxsə ciddi dövlət stimulu yaradılmaqla bərabər, onların özəl sektora cəlbi də təşkil ediləcək. Yaxın ilk il ərzində elmə ayrılan vəsait 5 dəfə artırılacaq. Yeddi il ərzində elm sahəsində çalışan hər bir şəxs qazancına görə ilk 5-likdə yer alacaq. Elm və təhsil hakimiyyətimizin ana xəttini təşkil edəcək.   
  1. Səhiyyə sahəsində
  • Vətəndaşların sağlamlığının qorunması dövlətin konstitusion vəzifələrindən biridir. Ona görə də əhalinin sağlamlığına xüsusi diqqət vacib şərtdir. Lakin səhiyyə sistemimiz hələ də yetərincə təkmilləşməyib. Yüksək ixtisaslı həkimlərimiz, müasir standartlara cavab verən dövlət və özəl klinika, xəstəxanalarımızın olmasına baxmayaraq, bu sahədə idarəetmə sistemindəki çatışmazlıqlar səbəbindən ciddi problemlər yaşanır. Səhiyyə sistemində ikili, bəzən üçlü (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏBİB) idarəetmə sistemi nəticəsində problemlər ortaya çıxır. 

Bunu üçün ilk növbədə 

  • TƏBİB Səhiyyə Nazirliyinin tabelyinnə verilməklə problemin müyəən hissəsini həll etmək olar. Xəstəxanalar, klinikalar, dövlət poliklinikaları və digər tibb xidməti göstərən bütün müəssisələr Səhiyyə Nazirliyinin tabeliyinə verilir və TƏBİB isə fəaliyyəti təşkil edir. 
  • İcbari Tibbi Sığorta ilə bağlı yeni yanaşmalar tətbiq olunmalı, sığorta paketləri estetik əməliyyat və müalicələr istisna olmaqla bütün digər xəstəlikləri əhatə etməlidir. Onkoloji xəstəliklərlə bağlı xüsusi sığorta paketləri tətbiq ediləcək.
  • İcbari Tibbi Sığorta ilə bağlı mühüm yanaşma isə reseptlərin də sığorta paketinə daxil edilməsidir. Ambulator müalicə alan xəstələrin də dərmanları sığorta vasitəsilə ödəniləcək. 
  • Tibbi təhsil üzrə kolleclərin sayının və təhsilin  keyfiyyətinin artırılması ilə bu sahədə olan kadr ehtiyacını qarşılamaq mümkündür. Ölkədə yüksək ixtisaslı peşəkar həkim kontingenti çatışmazlığı hiss olunmur. Lakin ixtisaslı kiçik tibb işçiləri ilə bağlı problemlər var və tibb kolleclərinin sayını artırmaqla bu problem həll ediləcək. 
  • Xaricdə təhsil alaraq orada işləyən və ölkədən xarciə gedən həkimlərin geri qayıtması ölkəmizdə insanların salamlığının keşiyində durmaları üçün stimullaşdırıcı proqramların qəbuluna başlanılacaq. Bununla da tibb sahəsi üzrə ölkədən beyin axının qarşısı alınacaq. 
  • Bu gün yüzlərlə ali təhsilli həkim mütəxəssis başqa ölkələdən ölkəmizə gəlsə də məntiqsiz hüquqi prosedurlar ucbatından ya işləyə bilmir, ya da təzədən ölkəni tərk edib gedir.  Xarici ölkələrdə təhsl alan, orada işləyib təcrübə qazanan həkimlərin ölkəyə gəlib işləməsi üçün Dövlət İmtahan Mərkəzində daimi şəkildə fəaliyyət göstərən komissiya işləyəcək. Komissiya müraciət edənlərin bilik və bacarıqlarını yoxlayaraq birbaşa həkimliyə cəlb edilməsi, ya da təhsilini davam etdirməsi ilə bağlı qərar qəbul ediləcək. Daha müraciət edənlər məntiqsiz olaraq aylar və illərlə süründürülməyəcək. Komissiyanın tərkibində Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə Komitəsinin də üzvləri təmsil olunacaq. 
  1. Sosial sahədə
  • Azərbaycan əhalisinin artım tempinin qorunub saxlanması və uşaqlara dövlət qayğısının təminatı üçün uşaq pulu veriləcək. Bununla əhalinin artım tempini qoruyub saxlayacaq, eyni zamanda uşaqların təminatını dövlət öz üzərinə götürmüş olacaq; 
  • Pensiya yaşı azaldılacaq. Qadınlar üçün 60, kişilər üçün 62 yaş pensiya yaşı kimi müəyyənləşdiriləcək; 
  • Bütün növ pensiyaların minimum məbləği üç-dörd il ərzində 700 manat həddində müəyyənləşdiriəcək və indeksləşdiriləcək;
  • İşləmək üçün 65 yaş həddi kvotası aradan qaldırılacaq. İşləyib-işləməmək üçün sağlamlıq əsas mejar olaraq qəbul ediləcək. 
  • Təcrübəli yaşlı nəsillə işləməyə üstünlük veriləcək, yaşlı və gənc nəslin inteqrasiyası elə aparılacaq ki, cəmiyyətdə ayrı-seçkilik hiss olunmasın və illərlə toplanan dövləti idarəetmə təcrübəsi məhv olmasın; 
  • İpoteka şərtlərinin sadələşdirilməsi təmin ediləcək. Bununla da xeyli vətəndaş kateqoriyaları üçün ipotekanın əlçatanlığı mümkün olacaq. İpoteka məbləğinin artırılması, əmək haqqı tələbininin aşağı salınması və fazilərinin azaldılması əsas prioritet olacaq. 
  • Qaz və işıq limitlərinə üçillik güzəşt tətbiq olunacaq. Ondan sonra  iqtisadi artım, əhalinin gəlirləri və s. nəzərə alınaraq, limitlə bağlı məsələyə yenidən baxılacaq. 
  • Əmək haqlarının yeddi il ərzində ilkin olaraq azı iki-üç dəfə artırılması həyata keçiriləcək. Daha sonra əmək haqları indeksləşdiriləcək və infliyasiyaya uyğun tənzimlənəcək. Azərbaycan yerləşdiyi regionda ən yüksək əmək haqqı təmin edən ölkəyə çevriləcək. 
  • Regionlarda, xüsusilə kənd yerlərində elə şərait yaradılacaq ki, kənddə yaşamaq şəhərdə yaşamaqdan daha rahat olsun. Hazırda kənddən şəhərə axınla şəhərdən kəndə axın arasında ciddi disbalans mövcuddur. Biz kəndlərdə infrastruktur yaratmalıyıq, iş yerləri açmalıyıq ki, mövcud urbanizasiyanın qarşısını alaq. Yeddi il ərzində bu məqsədin həyata keçirilməsi 30-40 faiz arasında olacaq.
  • Gənc ailələrin, gənc alimlərin sosial mənzillərlə təmin olunması ürəkaçan deyil. Onun üçün də ölkə boyu bütün rayon və şəhərlərdə sosial evlərin tikintisi ilə 7 il ərzində bu problemi birdəfəlik həll etmək niyyətindəyik. Bununla da əhalinin aztəminatlı hissəsinin evlə təmin olunmasına nail olunacaq. Bu məqsədlə Neft Fondundan dörd milyard manat vəsait ayrılacaq və yerli banklarda yatırılacaq. Beynəlxalq maliyyə institutlarının bu sahədə təcrübəsi nəzərə alınaraq onlar da məsləhətçi kimi bütün mərhələlərə cəlb olunacaqlar. Eyni zamanda özəl sektor, dövlət büdcəsi, Neft Fondunun vəsaiti və xarici kreditlərlə bu məsələ birdəfəlik həllini tapacaq;
  • Müharibə veteranlarının sosial təminatı veteranlar barəsində dövlət siyasətinin əsasını təşkil edir. Müharibə veteranlarının mənzillə təmin edilməsinin dövlət proqramına əlavə edilməsi təmin ediləcək. Veteranlara verilən təqaüdün “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinin tələblərinə uyğun olaraq minimum əmək haqqı səviyyəsinə çatdırılması təmin olunacaq;
  • Kəndlilərin torpaqdan səmərəli istifadəsi üçün xüsusi konsepsiya hazırlanıb qəbul ediləcək. Kənd əhalisi vəsait və texnika çatışmazlığından pay torpaqlarından səmərəli istifadə edə bilmir. Bu problem aradan qaldırmaq üçün torpaqların kooperativlərdə birləşdirilməsi və birgə fəaliyyətlə bağlı proqram və layihələr həyata keçiriləcək;
  • Regionların inkişafı üçün dövlət universitetlərinin fakültələrinin bir hissəsini rayonlara köçürmək əsas ideyalarımızdan biridir. Bununla da yaxın 10 il ərzində onların bir çoxu regional ali təhsil müəssisəinə çevriləcək və bununla da regionların hərtərəfli inkişafına nail olacağıq.
  • Mənəvi dəyərlərin aşınmaması, cəmiyyətdə geriləmə olmaması üçün milli mədəniyyətimizin inkişafı qorunacaq, çap mediası, sosial media və televiziyaya nəzarət gücləndiriləcək. Gənc nəslin mənfi yöndə tərbiyələnməsinə rəvac verən veriliş və proqramlar qadağan ediləcək. Media sahəsinin reklam bazarında daha yaxşı paya malik olması üçün dövlət səviyyəsində addımlar atılacaq ki, onlar reytinq və qazanc xatirinə xalqın genofondunu zədələməsinlər;
  1. Biznes sahəsində 
  • Sosial dövlətin əsas parametrləri rəqabətli və əlverişli biznes mühitinin yaradılmasıdır. Əlverişli biznes mühiti üçün şəffaflıq və daha az vergi ödəmələri ilə yeni biznes mühiti formalaşdırılacaq. Bu sahədə əsas şüarımız “Vergini ödə, şəffaf ol, cinayət pullarını verilən maliyyə amnistiyası ilə leqallaşdır” olacaq. İş adamları bizim hakimiyyətimizin ən mötəbər şəxsləri olacaq və iş mühitinə əngəl törədən məmurlar haqqında ən sərt tədbirlər görüləcək. Azərbaycan iki, yaxid maksimum üç il ərzində ən yaxşı biznes mühitinə malik ölkələr arasında ilk onluğa düşəcək. Ölkədə geniş miqyaslı maliyyə amnistiyası həyata keçiriləcək və ölkədə rəsmi milyoner və milyarder statusuna malik iş adamları əmələ gələcək və onlar heç bir halda hüquq-mühafizə orqanları tərəfindən dindirilməyəcək. İş adamlarına bütün sahələr üzrə sərbəst iş imkanları yaradılacaq. İş adamı dünyada qəbul edilmiş etiket üzrə işləyəcək və qanunlar onları məhdudlaşırmaq üçün yox, onlara kömək üçün qəbul ediləcək. Qanunla nəzərdə tutulmayan sahələr üzrə də iş adamları iş qura biləcəklər. Bu zaman onların qurub-yratadıqları işlərə görə qanunvericilik bazası təkmilləşdirləcək, daha önlərinə baryerlər qurulmayacaq;
  • Sadələşdirilmiş vergi məbləğinin hazırkı 200 mindən 350 minə qaldırılması təmin ediləcək;
  • Fiziki şəxslərin müflis elan edilməsi haqqında qanun layihəsi hazırlanıb ictimaiyyətin müzairəsinə veriləcək və qəbul olunacaq. Azərbaycanda yalnız hüquqi şəxslərin müflisliyi haqqında qanun mövcuddur. Qanun bir çox Azərbaycan vətəndaşını ödəmək iqtidarında olmadığı borcdan xilas edərək yeni həyata başlamasına təkan verəcək. Məsələ fiziki şəxslərə aid ediləcək “iflas” terminin tətbiq olunmasıdır. 2015-ci ildən sonra baş verən devalvasiyalar, onun nəticəsi olaraq iqtisadi böhran Azərbaycan vətəndaşlarının əksər hissəsinin banklara olan borclarını ödəmək imkanından məhrum edib. Bunun davamı olaraq, həmin şəxslər haqqında məhkəmə işləri başlanaraq, həm məhkəmə, həm məhkəmə icraçıları, həm də banklar tərəfindən bu şəxslərə qarşı təzyiq gücləndirilib. Nəticədə intihar hallarının sayı artıb. Həmin şəxslərin arasında fərdi sahibkarlar, kredit üzrə zaminlər böyük borcların altında əzilərək, yenidən uş quraraq ayağa qalxma imkanından məhrum olurlar. Müflislik borcu ümumi borcu 50.000 manatdan yüksək olan fiziki şəxslərə tətbiq olunması nəzərdən keçiriləcək. Amma, son qərar ümumxalq müzakirəsindən sonra veriləcək;
  • Biznes mühitinin qarşısında problemlərdən biri bank faizlərdir. Bank faizlərinin yüksək olması biznes mühitinin inkişafının qarşısını alır. Bank fazilərinin aşağı salınması üçün ciddi işlər aparılacaq və dövlətin imkanalrı daxilində olan bütün vasitələrdən istifadə ediləcək. Faizlər yaxın üç il ərzində hər bir şəxs və biznes üçün əlçatan olacaq;
  • Biznes mühiti şəffalaşdırıldıqdan, vergi güzəştləri tətbiq edildikdən sonra ölkəyə investisiya qoyuluşu ilə bağlı layihələr hazırlanaraq, qəbul ediləcək. Əsas məqsədimiz xarici investorların ölkəyə sərmayə yatırmasının təminatı və etibarlılığının qorunmasıdır. Bunun üçün hər bir yerli və xarici sərmayəçinin, o cümlədən vətəndaşın əmlak toxunulmazlığı birmənalı olaraq qəbul ediləcək və o haqq onlarda min il bundan sonra da qalacaq. Hər bir xarici sərmayəçinin ölkəyə yatırdığı vəsait sığortalanacaq və bunun üçün qanunvericiliyə şərtlər və düzəlişlər ediləcək.
  • Bununla yanaşı yerli investorlara əlavə güzəşt paketləri təqdim olunacaq. Bunun da məqsədi yerli investorların xaricə sərmayə yatırmasının qarşısını almaq, yerli investisiyanın ölkyə yatırılmasıdır.
  1. Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılması. Məhkəmə-hüquq islahatları 
  • İlk növbədə məhkəmə-hüquq sistemində islahatlar aparmaqla, vətəndaşların etimadının formalaşması zəruridir. Məhkəmə sisteminin dünya standartlarına uyğunlaşdırılması qanunun aliliyinin təminatı üçün əsas prinsipdir. Məhkəmə sisteminin tam azad və sərbəst, düzgün qərar verməsi üçün gərgin iş aparılacaq və iki il ərzində bu təmin ediləcək. Həm vətəndaş, həm də xarici sərmayəçi Azərbaycanın məhkəmə sisteminə inancaq və etibar edəcək. Bunun nəticəsində ölkədə mövcud olan problemlərin 70-80 faizi öz təbii axarı ilə nizama girəcək. Məhkəmə islahatları nəticəsində Azərbycanın beynəlxalq nüfuzu ən azı 80 faiz artmış olacaq. Bu gün statistikaya baxsaq vətəndaşların dövlət orqanlarından verdiyi şikayətlərdə udan tərəf dövlət qurumlarıdır və bu absurddur. Məhkəmə-hüquq sahəsində, ümumlikdə bütün dövlət orqanlarında təzyiqlər, tapşırıqlar, qohumbazlıq, dostbazlıq, yerliçilik və regionçuluq meylləri tam aradan qaldırılacaq və qanunvericiliyə bununla bağlı qəti düzəlişlər ediləcəkdir. Məhkəmə hakimlərinin, işçilərinin, Prokurorluq orqanı işçilərinin, polis orqanlarının əmək haqları minimum iki-üç dəfə, bəzi sahələr üzrə isə dörd dəfə artırılacaq. 

Bundan sonra, sıfır səviyyə rüşvət və korrupsiya kampaniyası elan ediləcək və qanunu pozanlar, vətəndaşa qarşı vəzifəsindən sui-istifadə edən dövlət qurumlarının vəzifəli şəxsləri ən qatı şəkildə cəzalandırılacaq, əmlakı müsadirə olunmaqla cinayət məsuliyyətinə cəlb olunacaqlar;

  • Prokurorluq məhkəmə hakimiyyətinə aid qanunların icrasına, tətbiqinə nəzarət edən orqandır. Prokurorluğun paralel olaraq həm nadzor və həm də dövlət ittihamçısı funksiyası bir-birinə ziddiyətli funksiyadır.  Prokurorluğun nəzarət funksiyası ilə dövlət ittihamçısı funksiyasının ayrılması təmin ediləcək.
  • Ədalət mühakiməsinin nəticəvi əhəmiyyət və effektivliyini artırmaq məqsədi ilə vəkillərin prosesual  səlahiyətlərinin genişləndirilməsi təmin ediləcək.
  • Vətəndaşların dövlət qurumlarına etimadının artırılması üçün məmur-vətəndaş arasında əlaqənin üz-üzə prinsipdən onlayn əlaqəyə keçməsini 100 fazi təmin etmək vacibdir. Bu sistemin tətbiqi müraciətlərin izlənməsini, dövlət qurumlarının adekvatlığını üzə çıxaracaq. Bu da öz növbəsində vətəndaş maraqlarının təminatına səbəb olacaq. Nəticədə dövlət qurumları ilə vətəndaş arasında etimad mühiti formalaşacaq. Şikayət məktublarının dövriyyəsini həyata keçirən və illərlə onların həlli ilə bağlı addım atmayan, can yandırmayan vəzifəli şəxslər qəti şəkildə cəzalandırılacaq və işdən uzaqlaşdırılacaq.
  1. Dövlət maraqlarının təminatı
  • Azərbaycan dövlətinin və xalqının maraqları ən ciddi prioritetimizdir. 44  günlük Vətən müharibəsindən və Azərbaycan dövlətinin möhtəşəm Zəfərindən sonra müxtəlif sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı beynəlxalq miqyasda əks-təbliğat kampaniyası aparılır. Böyük sosial şəbəkələrin Azərbaycan nümayəndəliyinin olmaması şəbəkələrdə aparılan əks-təbliğat kampaniyasına müdaxilə imkanlarımızı məhdudlaşdırır. Bu səbəbdən də “Facebook”, “YouTube”, “Tik-Tok” sosial platformalarının Azərbaycan nümayəndəliyinin açılması əsas hədəfimizdir. Dövlət və milli maraqlarımızın müdafiəsi üçün bu məsələdə mövqeyimiz qətidir.
  1. Xarici siyasət prinsipləri

Azərbaycan dövləti mövcud təbii-coğrafi, tarixi, ənənəvi, milli-psixoloji, iqtisadi və digər amilləri nəzərə almaqla öz xarici siyasətində aşağıdakılara xüsusi diqqət yetirəcək:

  • Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətinin artırılması, bütün istiqamətlərdə azad və ədalətli rəqabət mühitinin yaradılması üçün ölkədəki siyasi qüvvülər arasında qarşılıqlı inam və etimada nail olunmaq;
  • Beynəlxalq və regional təşkilatlarla, hərbi-siyasi bloklarla münasibətlərdə Azərbaycanın maraqlarını qətiyyətlə qorumaq; 
  • Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanışına və milli özünüdərkinə nail olunmasına, bu prosesin genişləndirilməsinə və onların sosial-siyasi və mədəni hüquqları uğrunda apardıqları mübarizəyə hərtərəfli siyasi dəstək vermək;
  •  Bölgədə sülhün, əminamanlığın təmin olunması üçün Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirmək, onlarla iqtisadi, mədəni və s. istiqamətlərdə sıx əməkdaşlıq etmək; 
  • Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan siyasi-iqtisadi və hərbi əlaqələrinə xüsusi önəm verilməklə strateji tərəfdaşlığı bütün türk dünyası miqyasınadək genişləndirmək; 
  • Türk dövlətləri və topluluqları ilə əlaqələri genişləndirmək, milli-mənəvi dəyərlər sistemini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsədilə hərtərəfli qarşılıqlı inteqrasiyanı təmin edəcək ümumtürk mədəni-iqtisadi birliyinin gerçəkləşdirilməsinə nail olmaq; 
  • Sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənən xarici siyasət yürüdən dövlətlərlə əlaqələri hərtərəfli inkişaf etdirmək. 
  • Azərbaycanda mənəviyyat və milli dəyərlərimizə zərər vurmayan Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinə, Avropaya inteqrasiyaya və parlamentarizmin inkişafına nail olmaq; 
  • Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin tikintisinin başa çatdırılması, multimodal nəqliyyat infrastrukturunun mövcudluğunun təminatı, Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilməsinə təminat vermək;
  1. Şəhərsalma və tikinti sahəsində

Azərbaycanın ayır-ayrı şəhər və rayonlarında, xüsusən Bakı şəhəri və Abşeron yarımadasında xaotik, qanunsuz və plansız evlər tikilib. Yüz minlərlə ev hələ də sənədsizdir və yaşamaq üçün də yararsızdır. Yol, su, qaz, işıq problemləri qalmadadır. 

  • İcazəsiz tikilən fərdi evlərin sənədləşdirilməsi ilə bağlı verilən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası üzrə məsul Komissiyanın hesabatı araşdırılacaq və Sərəncama uyğun müvafiq qərar qəbul ediləcək. Baş plana uyğun tikilməyən evlərlə bağlı xüsusi komissiya yaradılaraq, həmin evlərin dəyəri tam qaydada vətəndaşları narazı salmadan dövlət tərəfindən ödəniləcək. 
  • Bütün Azərbaycan ərazisində plansız və qanunsuz tikililər dayandırılacaq və buna şərait yaradan hər bir məmur və qurum ən sərt şəkildə cəzalandırılacaq. Dövlət tərəfindən infrastruktur yaradılmış və planlaşdırılmış və fərdi evlərin tikilməsi üçün nəzərdə tutulmuş məhəllələr yaradılaraq, dövlət qiymətinə vətəndaşlara satılacaq.
  • Vətəndaşlara verilən pay torpaqlarında evlərin tikintisinə istisnalarla, xüsusi hallar olarsa izacə veriləcək. Amma bu ərazilər dövlət tərəfindən yenidən planlaşdırılacaq və plansız tikililərin qarşısı alınacaq. Bu yerlərdə dövlət tərəfindən yol, su, qaz və kanalizasiya infrastrukturu yaradılacaq.  
  • Bakı və respublika əhəmiyyətli digər şəhərlərdə (Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Naftalan) hündürmərtəbəli binaların tikintisi ilə bağlı ciddi analizlər  və qiymətlənidrmələr aparılacaq, vahid standartlar müəyynələşdiriləcək. Şəhərin relyefi, ərazi, sıxlıq və s. kimi amillər dəyərləndirilərək, hündürmərtəbəli binaların tikintisinə icazə veriləcək. Xaotik şəkildə bu tip tikilililərin qarşısı alınacaq.  
  1. Turzim sahəsində 

Qarabağın işğaldan azad olunması ilə bağlı mühüm və əhəmiyyətli imknalar qazanmışıq. Hazırda dövlətin əsas iqtisadi rıçaqları o bölgəyə yönəlmişdir. Bu, olduqca vacib və düşünlümüş, Azərbaycanın gələcəyinə hesablanmış siyasətdir. Hər bir Azərbaycan vətəndaşı bunu təqdir edir və dəstəkləyir. Qarabağda geniş quruculuq, abadlıq işləri, müasir standartlara cavab verən infratsruktur yaradılır. 

  • Bununla yanaşı Qarabağ iqtisadi rayonunda, o cümlədən Laçın və Kəlbəcər rayonlarında turizmin inkişafı üçün münbit şərait və imkanlar vardır. Dünya standartalrına cavab verən turizm infrastrukturunun yaradılması ilə həm dövlətin gəlirlərini artırmaq, həm də Qarabağla bağlı təbliğat informasiya sistemi qurmaq mümkün olacaq. 
  • Siyəzən ərazisində yeni bir turizm kompleksi – Azərbaycanın Antaliyasını yaratmaq turizmin inkişafına böyük töhfə olacaqdır. Sumqayıtdan başlayaraq Şabrana, oradan Nabrana qədər Xəzərsahili ərazi turizmin inkişafı üçün çox əlverişlidir. Standartlara cavab verən turizm infrastrukturu  yaratmaqla ildə iki milyon turistə xidmət göstərmək mümkündür. Bunun üçün sahilboyu ərazidə dövlət sərmayəsi ilə turizm infrastrukturu yaradılacaq və 10 il müddətinə həmin ərazidə olan bütün sahibkarlar bır sıra vergilərdən azad ediləcək. Sahələr  su, işıq, qaz və kanalizasiya sistemini özündə birləşdirən turizm infrastrukturu ilə hazır paket şəklində simvolik – 1 ABŞ dolları məbləğində sərmayəçilərə təqdim ediləcək və onlar heç bir idarənin qapısını döyməyəcəklər. Onların işi sadəcə turizm kompleksini tikmək, iş yeri açmaq və pul qazanmaq olacaq. Burada yaradılan turizm xidmətləri və obyektləri sayəsində ən azı 100 (yüz) min iş yeri yaradılacaq və dövlət böyük gəlir əldə edəcək. Eyni zamanda Siyəzəndə turizmin inkişafı bütöv olaraq şimal bölgəsində onlarla yeni istehsalat müəssisələrinin yaradılmasını, kənd təsərrüfatının və yüngül qida sənayesinin də inkişafını sürətəndirərək, əlavə iqtisadi və sosial sahələrin şaxələnməsinə şərait yaradacaq. Bu da, əlavə olaraq ən azı 50 (əlli) min iş yerinin yaradılmasına təkan verəcək. Layihənin maliyyələşdirilməsi üçün dövlət büdcəsi, Neft Fondunun vəsaitləri və xarici banklardan götürülən kreditlər sərf ediləcək.  
  • Müalicəvi –sanatoriyaların bərpası və yenilərinin yaradılması ilə də bu sektroun inkişafını sürətləndirmək mümkündür. Bunun üçün bütün rayon və şəhərlərdə mövcud müalıcə-istirahət mərkəzlərinin bərpası və hər bir inzibati rayon ərazisində yenilərinin yaradılması proqramımıza daxildir. Sanatoriyaların bərpası və yenilərinin yaradılması hər il iki milyondan çox vətəndaşımızın xarici sanatoriyalara getməsinin qarşısını alacaq, o cümlədən yaxın yeddi il ərzində, əlavə olaraq yarım milyondan çox əcnəbinin də ölkəmizə gəlməsinə imkan imkan yaradacaqdır. Ilk ilin prioritetlərinə Bakının Pirşağı qəsəbəsindəki “Qızıl-qum” sanatoriyası, Kürdəmir rayonunda yerləşən Mollakənd Ulusu sanatoriyası, Masallıda yerləşən və hazırda cəmi 200 nəfərə xidmət göstərə bilən İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasının tutumunun 10 (on) min nəfər turustə çatdırılması, Qubanın son yaşayış məntəqəsi olan Xaltan kəndi yaxınlığındakı meşəlikdə, Çarxaçu çayı dərəsində istisu sanatoriyasının tikintisi və infrastruukturun yaradılmasıdır. Hər il Xaltan kəndinə 3 minə qədər insan axışır. Heç bir şəraiti və avtomobil yolu olmayan, cəmi iki təbii vannaya malik bu yerə 3-4 mindən çox adam axışırsa, sanatoriya tikilərsə, 50 minə qədər insanın burada müəlicəyə gələcəyi şübhəsizdir. Gözdən-könüldən uzaq bu yerə Rusiya, Orta Asiya və Ukraynadan gələn əcnəbilər də var. Bu yerə çatmaq üçün yolsuzluq şəraitində niva və ciplərlə ən azı 3 saat yol qət etməli olurlar. Bu sahələrin maliyyələşdirilməsi, əsasən özəl sektorun vəsaiti ilə reallaşdırılacaq. Onlar üçün xüsusi vergi güzəşti yaradılacaq və infrastruktur isə dövlət büdcəsi və kreditlər vasitəsilə həyata keçiriləcək. 
  • Azərbaycanın əsas turizm məkanlarından biri sayılan Nabranın turizm infrastrukturu çox zəifdir. Halbuki, normal infrastrukturla bu məkana bir il ərzində ən azı əlavə 200 min xarici turist cəlb etmək mümkündür. Növbəti illər ərzində bu rəqəm yarım milyon turistə də çata bilər. Bunun üçün proqramımıza Nabranın abadlaşdırılması, onun dəniz kənarı bataqlıqdan, qamışlıqdan və çirkab sulardan təmizlənməsi daxildir. Birinci növbədə çirkab su və kanalizasiya infrastrukturunun qurulması, dənizboyu ərazinin təmizlənməsi və normal çimərlik qumu ilə üzlənməsi ilkin şərtlərdir. Turizm infrastrukturunun modernləşdirilməsinə nəzarət dövlət tərəfindən həyata keçiriləcək və dövlətin maliyyəsi ilə həyata keçiriləcək. Özəl sektor isə xüsusi vergi və güzəştlərdən faydalanaraq turizm obyektlərini tikəcəkdir. Nabranda turizmin inkişafı ilə əlaqədar 50 (əlli) min iş yerinin yaradılması hədəfimizdir.   Bununla bərabər, Nabranda turizm infrastrukturunun yaradılması sahibkarların üzərinə turizm obyektlərində müalicə-sağlamlıq və idman infrastrukturunun yaradılması şərtlərini də qoyur. Nabranın təbiəti və dənizinin gözəlliyi bu istirahət məkanına yalnız Rusiyadan bir milyon turistin gəlməsini şərtləndirir. 
  1.  Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili və yaradıcılıq imkanlarının artırılması 

Azərbaycan vətəndaşı rahat və xoşbəxt yaşamağa, istirahət etməyə layiqdir. Ölkəmizin iqtisadi inkişafı və gəlirləri imkan verir ki, dövlət öz vətəndaşının istirahətini təşkil etsin. Vətəndaşalrın asudə vaxtalarının səmərəli təşkili və yaradıcılıq imkanlarının artırılması ilə onun layiq olduğu istirahəti təmin ediləcək.

  • Azərbaycanın hər bir rayon və şəhərində 10-15 hektar ərazidə sənətkarlıq və yaradıcılıq güşəsi salınacaq. Burada şairlər, yazarlar üçün Yaradıcılıq Evi, rəssamlıq və sənətkarlıq emalatxanaları, İxtira evi, sərbəst çıxışlar məkanı, kinozal və sinema klubu, kulinariya məkanı, musiqi evi,  Rəqs klubu, Yaşlıların təhsili mərkəzi, xarici dil öyrənmə mərkəzi və digər xidmətlər yerləşdiriləcək. Etiraf etmək lazımdır ki, rayon və şəhərlərdə istirahət və görməli yer kimi ancaq restoran və kafelər tanınır. Millətimiz üçün istirahət yeri yeyib-içmək yerləridir. Məqsəd rayon və kəndlərdə yaşayan insanların asudə vaxtını təşkil olunmasına yardımçı olmaqdır.
  • Fiziki məhdudiyyətli insanlar da bizim proqramımızda xüsusi yer tutur. Azərbaycan Əlillər Cəmiyyəti nəzdində Xidmətlər şəbəkəsinin yaradılmasını nəzərdə tururuq.  Bunun üçün Azərbaycanın hər bir rayonunda və şəhərində özəl sektorun iştirakı və payçılığı ilə ancaq əlillərin çalışacağı restoran, kafelər və bir sıra turizm obyektləri yaradılacaq. Dövlət özəl sektor üçün əsalı güzəştlər tətbiq edəcək ki,  bu da onları ciddi sərmayə yatırmağa sövq edəcək. Ümumilikdə yalnız bu şəbəkədə 150 restoran və kafenin açılması nəzərdə tutulur ki, hesablamamıza görə burada 10,000 əlilin işlə təmin edilməsi mümkün olacaq. Illik gəlirlərin isə 25-30 milyon manat arasında olacağını təxmin edirik və bu vəsaitl isə digər əlillərin sosial problemlərinin həllinə yönələcəkdir.
  1.  Əhalinin informasiya, oxuma və rəsmi məlumatandırma imkanlarının əlçatanlığının təminatı üçün

Azərbaycan xalqının dəqiq informasiya təminatı, oxuma mədəniyyətinin qorunub-saxlanması üçün onun mütaliə etməsi vacibdir. Bunun üçün iki tətbiq nəzərdə tururuq.

  • Ən ucqar kəndlərdə belə 7 il ərzində kitabxanalar müasir texnoloji üsullarla bərpa ediləcək və yeni kitablarla təmin olunacaq. Dünya və Azərbaycan ədəbiyyatının nümayəndələrinin bədii, publisistik əsərləri kitabxanalara göndəriləcəkdir ki, insanlarımızın oxuma vərdişinin qoruyub saxlaya bilək.
  • Dövlət qəzetlərindən birinin tirajının artırılması yolu ilə hər bir Azərbaycan ailəsinə günaşırı nəşr olunan qəzetin çatdırılması təşkil ediləcək. Bu nəşrin içərisində ədəbiyyat, mədəniyyət, siyasət, sosial həyat, qanunlar, hüquqi məsləhətlər, dövlət siyasəti, sağlamlıq və sair bölmələr olacaq. Bu nəşrin, əsasən reklamlar vasitəsilə maliyyələşməsi nəzərdə tutulur. 

Bu xidmət həm də ölkə boyu poçt xidmətinin daha da inkişaf etməsinə, dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin daha da yaxşılaşmasına səbəb olacaq. Bu xidmət vasitəsilə 10 000-ə yaxın iş yeri açılacaq. Hər bir dövlət idarəsinin, özəl şirkətin çap məhsullarının və xidmətlərinin dərc edilən qəzetin içərisində və ya əlavəsi kimi hər bir ailəyə çatdırılması mümkün olacaq.

  1.  Struktur islahatları 

Hökumətdə çevik idarəetmənin formalaşması üçün struktur islahatlarının aparılması zəruridir. Səlahiyyət sərhədlərinin müyyənləşdirilməsi ilə bu islahatlar həyata keçiriləcək. Dövlət qurumlarının ayrı-ayrı formalarda eyni xidməti yerinə yetirməsi, səlahiyyətlərdəki kəsişmələr səmərəli fəaliyyətə imkan vermir. Əksinə bu kimi hallar vətəndaşlara əlavə problem yaradır. Vətəndaş nə vaxt hansı quruma müraciət etməli olduğunu bilmir. 

Bu hallar eyni zamanda dövlət büdcəsindən əlavə vəsaitlərin xərclənməsinə də səbəb olur. Dövlət qurumlarının sayının azaldılması, səlahiyyətlərindəki təkrarçılıq və kəsişmələrin aradan qaldırılması ilə struktur islahatları aparilacaq və yeni, çevik idarəetmə sistemi yaradılacaq.

  1.  İnnovasiyaların və yeni texnologiyaların inkişafı 

Bu gün Azərbaycanda onlarla innovasiya və ixtiraçılıq sahəsində fəaliyyət göstərən mərkəzlər, ictimai birliklər və institutlar var. Amma onların fəaliyyətinin konkret nəticələri azdır. Bunun üçün də İnnovasiyalar və İxtiraçılıq İnstitutunun yaradılması və mövcud mərkəzlərin və digər qurumların bu çətir altında birləşdirilməsi vacibdir.

Əlavə olaraq texnologiya sahəsində ən yaxşı şirkətlər, laboratoriya, universitetlər və ölkə boyu yaradılmış sənaye və texnologiya parkları ilə də birgə konsorsiumlar yaradilaraq bu və ya digər texnoloji brendin yaradılması və istehsalı üzərində iş aparılması günün tələbidir. Bura hərbi texnologiyadan tutmuş məişət texnologiyasına qədər hər şey daxildir.

Məqsəd rəqabətə davamlı və yüksək texnologiyalara əsaslanan məhsulların Azərbaycan brendi altında dünya bazarına çıxarılmasıdır. Texnologiya və sənaye inkişafı olmadan ölkənin uzunmüddətli və davamlı inkişafı sual altındadır.

Problemin həllinə gedən yollardan biri kimi adı çəkilən institutun yaradılmasını və bu işə müxtəlif ölkələrdən xarici mütəxəssislərin də cəlb edilməsini həyata keçirəcəyik. 

  1.  Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə daxil edilməsi

Özəlləşdirmə çekləri 1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən 450 nömrəli fərman ilə 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına əmlak payı olaraq verilib. 

Hardasa, 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. Özəlləşmənin məqsədi vətəndaşları da mülkiyyət, müxtəlif müəssisələrdə payçı etmək idi. Proses çox gözəl başladı və verilən fərman da vətəndaşların xeyrinə idi, amma həyata keçirilən zaman vətəndaşlar heç bir xeyrini görmədi. Özəlləşmə prosesi tam olaraq ayrı-ayrı şəxslərin müxtəlif maxinasiyalarla birdən-birə varlanmasına səbəb oldu. 

Dövlət özəlləşdirmə çekləri sahəsində vətəndaşlar qarşısında olan borcunu yerinə yetirə bilməyib və biz bunu boynumuza almalıyıq. Buna görə də hakimiyyətimiz tərəfindən özəlləşdirmə çekləri yenidən dövriyyəyə buraxılacaq və əlində çekləri olan hər bir şəxs müxtəlif müəssisələrdə payçılara çevriləcəklər. Bu sahədə olan çatışmazlıqlar ciddi müzakirə olunaraq vətəndaşların xeyrinə qərar qəbul olunacaq, bu sahədə yarıtmaz fəaliyyət göstərən qurum və şəxslərlə bağlı hüquqi addımlar atılacaq. 

  1.  Yerli avtomobil brendi

Bu gün Azərbaycanda Gəncə, Naxçıvan və Neftçala avtomobil zavodları fəaliyyət göstərir və onlar müxtəlif təyinatlı minik, yük və kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olur. Lakin bu istehsal sadəcə xaricdən gətirilən komponentlər hesabına yığılır və istehsal olunan avtomobillər Azərbaycan brendi sayılmır. Hazır komponentlərdən yığıldığı üçün də işçi qüvvəsi azdır.

Buna görə də tam Azərbaycan brendi olan və keyfiyyəti ilə xarici analoqlarından geri qalmayan avtomobil brendinin yaradılması üçün bütün yerli və xarici qüvvələr səfərbər ediləcək. Sonrakı mərhələdə isə yerli brend olan elektrik avtomobillərinin, yük maşınlarının, kənd təsərrüfatı texnikasının və minik avtobuslarının istehsalı həyata keçiriləcək. Azərbaycanın keçmişdə maşınqayırma sənayesi olub və təcrübə vardır. Onlarla xarici mühəndislərin, yerli və xarici ixtiraçı və mütəxəssislərin cəlbi edilməsi ilə bu milli ideya uğurla həyata keçiriləcək. 

Azərbaycan brendi olan maşınqayırma sənayesinin qurulması üçün daha çox Hindistan, İtaliya, Yaponiya, Fransa, Cənubi Koreya və ABŞ-dan mütəxəssislərin cəlbi edilməsi tərəfimzidən həyata keçiriləcək. Mütəxəssislərin ölkəyə gətirilməsi və maşınqayırma sənayesində yerli brendlərin yaradılması üçün Neft Fondunun vəsaitlərinin xərclənməsi özünü doğruldan sərmayə olacaqdır. 

Əlavə olaraq, bu sahədə dəyər yaratmaq istəyən hər bir iş adamına dövlət tərəfindən maliyyə daxil olmaqla bütün köməkliklər göstəriləcəkdir.