İnternet dələduzları və şəbəkə biznesinə etiraz çıxışı
Diqqəti şirnikləndirici iş və biznes elanlarına çəkmək istəyirəm. Sosial şəbəkələrdə, elan qəzetlərində və saytlarında şirnikləndirici iş elanları verilir. Bəzən elə əmək haqları təklif olunur ki, xeyli insanın başı dönür. Ofisə dəvət olunan qurbanlara o qədər yağlı vədlər verilir ki, o qurbana çevriləcək adam düşünür ki, bir neçə aya yaxşı qazananlar və yaşayanlar qrupuna daxil ola biləcək. Elələri olur ki, xəyalındakı qazancadan başı fırlanaraq kredit altına girir. Bu cür elanlar mütləq şəkildə araşdırılmalı və barələrində qanuni tədbirlər görülməlidir.
Ikinci bu qəbildən olan məsələ şəbəkə biznesləridir. Düzdür, şəbəkə biznesinə qarşı ciddi tədbirlər görülüb, amma internet üzərindən bunlar yenə həyata keçirilir və yeni-yeni qurbanlar yaranır. Bu sahədə kütləvi maarifləndirmə tədbirlərinə ehtiyac yaranıb. Bilmək istərdim ki, dediyim problemlər üzrə vəziyyət hansı səviyyədədir və belə hallara qarşı hansı tədbirlər görülüb?
Üçüncü vacib saydığım məsələ onlayn oyunların qurbanlarına aiddir. Internet üzərindən müxtəlif oyunlar təklif olunur və vətəndaşlarımız ciddi şəkildə qurbanlara çevrilir. Bəzi işbazlar internet üzərindən oyun platformalarını satır və onu yerli adamlar alaraq şəbəkə biznesi yaradır. Ya bacarıqsızlıq, ya da elə dələduzluq yolu ilə yüzlərlə vətəndaşı tora salaraq həyatlarını puç edirlər. Sonra qurbanların və platformanı işlədənlərin valideynləri gəlib bizim qapımızı döyür ki, kömək edin, uşağım günahsızdır.
Nə təklif etmək istəyirəm. Hər kəs müxtəlif yollarla pul qazanmaq istəyir və biz bunun qarşısını ala bilmərik. Bir çoxları da internet platformaları üzərindən. Insanların azad bazar düşüncəsini, sərbəst biznes qurmaq və işlətmək təşəbbüslərini də boğa bilmərik. Onun üçün də internet platformaları üzərindən oyunlar biznesi sahəsində monopoliya sisteminə son qoyulmalı və hər kəsə qanunvericilik səviyyəsində bərabər iş görmək imkanları yaradılmalı və dövlət tərəfindən nəzarət olunmalıdır ki, heç kim gizli yollarla iş görmək istəməsin.
Təbii ki, mən o dələduzlara haqq qazandırmaq istəmirəm, istəyirəm ki, təşəbbüs varsa, xaricdən bizim hələ əxz etmədiyimiz biznes təşəbbüsü varsa, təcili surətdə onun yapısını hazırlamaq və nəzarəti də həyata keçirmək lazımdır. Həm büdcəyə vergi vəsaiti daxil olsun, həm də vətəndaşların azad və sərbəst biznes təşəbbüsləri də boğulmasın.