Siyasi partiyalara qarşı mənfi stereotipi qırıb atmaq lazımdır

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çıxışı

17159431561334026282664736f4c9e1c

“Bu konfrans siyasi partiyaların işlərini düzgün qurması, qanunvericiliyin tələblərinə əməl etməsi və cəmiyyətdə siyasi mədəniyyətin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. Siyasi partiyalar haqqında yeni qanun siyasi partiyaların fəaliyyətini daha yaxşı tənzimləyir, onların fəaliyyətində şəffaflığı və demokratik prinsiplərə riayət etmələrini təmin edir.

İlk növbədə, yeni qanunun tətbiqi siyasi partiyaların qeydiyyat prosedurlarını xeyli məqamlar üzrə beynəlxalq standartlara uyğunlşadırıb. Siyasi partiya yaratmaq istəyən qurucuları daha məsuliyyətli olmağa və sosial baza olmadan siyasi təşkilat qurmaqdan çəkindirir. Bu doğru yanaşmadır, Məncə, bu qanun dövlətçiliyə söykənən yeni siyasi təşəbbüslərin qarşısını alacaq məhdudiyyətlərin aradan qaldırılmasına və vətəndaşların daha aktiv siyasi iştiraka təşviq olunmasına xidmət edir.

İkinci, siyasi partiyaların maliyyə şəffaflığı artırılır. Yeni qanunun tətbiqi partiyaların maliyyə mənbələrini və xərclərini dəqiq şəkildə açıqlamalarını tələb edir, bu da maliyyə intizamının yaranmasına xidmət edir. Bu cür hallar siyasi partiyaların təşkilat kimi inkişafını təmin edir.

Üçüncü əsas məqam partiyaların fəaliyyətində demokratik prinsiplərə riayət etmə zərurətidir. Biz düşünürük ki, bu cür qanuni yanaşmalar və tənzimləmələr həm də partiya rəhbərliyinin mütəmadi olaraq seçkilər yolu ilə yenilənməsini və daxili demokratiyanın təmin olunmasını tələb edir. Bu gün partiyaların daxilində şəffaf və ədalətli qərar qəbul etmə proseslərinin həyata keçirilməsinə imkan verəcək maarifləndirmə, qanuni məcburetmə, siyasi savadlılığın və səbatlılığın artırılmasına ehtiyac var.

Dördüncü olaraq, qadınların və gənclərin siyasətdə təmsilçiliyinin artırılması məqsədi ilə hətta kvota sisteminin tətbiq edilməsi yaxşı olardı ki, bunu da siyasi partiyalar daxili qərar olaraq qəbul edə bilərlər. Bu yanaşma gender bərabərliyinin və gənclərin siyasi proseslərə cəlb olunmasının təşviq olunmasını təmin edəcəkdir.

Beşinci, siyasi partiyaların fəaliyyətinə dövlət dəstəyi göstərilməsi nəzərdə tutulur. Bu, xüsusilə kiçik və yeni yaranmış partiyaların maliyyə çətinlikləri ilə üzləşməməsi, siyasi pluralizmin təmin olunması və məqsədi məlum olmayan kənar maliyyənin qarşısının alınması üçün əhəmiyyətlidir və bu sahədə daha konkret, aydın və ədalətli yanaşma olmalıdır.

Qanun eyni zamanda seçki kampaniyalarında sosial media və digər rəqəmsal platformaların istifadəsini də tənzimləyir. Bu, seçki kampaniyalarının ədalətli və bərabər şərtlər altında aparılmasını təmin etmək məqsədi daşıyır. Fəxrlə demək olar ki, Azərbaycanda siyasi proseslərin rəqəmsal platformalar üzərindən aparılmasında heç bir maneə yoxdur və bu sahədə uğurlu və effektiv fəaliyyət göstərən siyasi təşkilatlar var.

Qanunun tətbiqi ölkəmizin demokratik inkişafı və siyasi sistemimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. İnanıram ki, yeni qanunun tətbiqi siyasi partiyaların fəaliyyətində şəffaflığı, hesabatlılığı və demokratik prinsiplərə riayət etməni təmin edəcək və vətəndaşlarımızın siyasi proseslərdə daha fəal iştirakını təşviq edəcəkdir.

Qeyd etmək istəyirəm ki, rəhbərlik etdiyim Milli Cəbhə Partiyası milli birlik çağırışlarına, siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsinə, cəmiyyətdə siyasi mədəniyyətin daha geniş şəkildə möhkəmləndirilməsinə və mövcud problem və narahatlıqların qarşılıqlı hörmət və dialoq şəraitində həllinə sadiqliyini bəyan edir. Çünki, həm də siyasi və milli birlik vətən savaşında vacib rol oynadı və xarici düşmənləri məyus etdi.

Sonda qeyd etmək istəyirəm ki, ölkədə siyasi partiyalara qarşı oturuşmuş mənfi stereotipləri qırıb atmaq lazımdır. Müəyyən qrup adamlar, o cümlədən vəzifəli şəxslər və ayrı-ayrı qurumlar tərəfindən digər siyasi partiyalara qarşı qısqanclıq və qəbuletməmə meylləri hiss olunur. Onlar üçün ölkədə bir partiya var və qalanlarını təqdim etmək və qəbul etmək olmaz sanki. Hərçənd ki, hörmətli Ədalət müəllim cənab Prezident sizin rəhbərlik etdiyiniz şöbəni yaradıb, onları bayram günlərində təbrik edir, siz də təbrik edirsiniz. Bu baxımdan bu dövlət siyasəti deyil. Amma, media belə siyasətçiləri siyasi partiya kimi təqdim etmək istəmir. Ümid edirəm ki, bu sahədə də stereotiplərin qırılması üçün addımlar atılacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm”.