Razi Nurullayev: “O pisliyi yaradanlar və idarə edənlər olub”
“Qanuna edilən dəyişiklik bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının hərraclar olmadan da həyata keçirilməsinə imkan verir”.
Razinurullayev.com xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
“Bu dəyişiklik on minlərlə vətəndaşımızın onilliklər boyu çəkdiyi məşəqqətlərə son qoya bilər. Bu məsələnin həlli ilə bağlı dəfələrlə məsələlər qaldırmışıq və indi bəhrəsini görən zaman sevinirik” – deputat qeyd edib.
Razi Nurullayev vurğulayıb ki, vətəndaş 10, 15, 20 il bələdiyyə torpağına sahib olub, ev tikib, kommersiya obyekti tikib, amma onun üzərində mülkiyyət və icarə hüququnu təmin edə bilməyib: “10 il, 20 il vətəndaşa məxsus olan torpaqları hərraca çıxarıb onların başına müxtəlif tipli müsibətlər gətiriblər. Tutaq ki, 20 ildir ki, torpaq mənimdir, o, hərraca çıxarılır və elə bu işi bilənlər və təşkil edənlər tərəfindən başqa rayonlardan öyrədilmiş şəxslər cəlb edilir ki, onlar qiyməti qaldırsınlar və yaxud alsınlar. Torpağın sahibi isə az qalır ki, infarkt keçirsin və sonra düşür o şəxslərin arxasınca, yalvarır ki, heç olmasa Allahdan qorxun, belə pislik etməyin. Amma o pisliyi yaradanlar və idarə edənlər olub və yenə də olacaq”.
Deputat deyib ki, dəyişiklik ürəkaçandır: “Bununla bərabər, bir narahatlığımı da bölüşmək istəyirəm. Müvafiq icra orqanı dediyimiz qurum müxtəlif bəhanələr altında əminəm ki, azı 10 nəfərdən 7-nə ciddi problem yaradacaq, müxtəlif səbəblər gətirəcək və bu dəyişikliyin yaratdığı sevinci və ümidi o şəxslərin elə gözündəcə öldürəcək, rüşeymində boğacaq. Bunu təcrübədən çıxış edərək deyirəm. Ya profil komitə bununla bağlı bizi rahatladacaq məlumat versin, ya da narahatlıqları aradan qaldıracaq əsaslar gətirsin”.