Boykot doğru seçim deyil. Milli Cəbhə Partiyası prezident seçkilərinə qatılır

Razi Nurullayev e1687456851349

Seçki varsa, siyasi partiya gərək imkanları daxilində mütləq seçkiyə qatılsın. Axı siyasi partiyanın və siyasətçilərin arzusu elə seçkidə qalib olmaqdır. Seçki asan proses deyil, imza toplamaq asan deyil, siyasi mübarizə aparmaq asan deyil. Amma, siyasi partiya sədri olmaq və siyasətçi adını daşımaq hər bir siyasətçi və partiya üçün xalq və üzvləri qarşısında bir məsuliyyət və vəzifə yaradır.

IMG 9044

Biz Milli Cəbhə Partiyası olaraq seçkilərə öz namizədimizlə qatılırıq. Partiya məni namizəd kimi irəli sürüb və səfərbər olunub. Seçkiyə açıq ürəklə və inamla gedirik. Amma, seçkiyə qatılmaq və qatılmamaq hər bir siyasətçinin və siyasi partiyanın öz işidir. Lakin, digərlərinə xor baxmaq, aşağılamaq və öz eyiblərini və zəifliklərini ört-basdır etmək üçün digər namizədlərin üzərinə hücum çəkmək və onları da boykota çağırmaq ən pis hərəkətdir. Çünki, bu çağırışları icra edənlər, o cümlədən ən çox canfəşanlıq edən AXCP sədri Əli Kərimli nəticə ortaya qoya bilməyib. Boykotun son nəticəsi bəlli deyil və heç zaman olmayıb. Bu sadəcə icraçıların öz siyasi həyatlarını uzatmaq cəhdindən başqa bir şey deyil.

Seçkilərə bu və ya digər səbəbdən qatılmamaq olar. Bir partiya imza yığmaqda çətinlik çəkir, bir partiyanın maliyyə resursları iştirak üçün əsas vermir, o birisi hələ ki, özünü hazır görmür və bunlar dünyada qəbul olunmuş məsələlərdir. Amma, seçkini boykot etmək siyasətçi və siyasi partiya üçün ən son məqamdır. Boykot bir dəfə olar, daha hər seçkidə boykot qərarı olacaqsa, o zaman o partiya və siyasətçi kimə lazımdır? AXCP sədri Əli Kərimli gələn il keçiriləcək növbədənkənar seçkiləri boykot qərarı verib və bir sıra siyasi partiya və siyasətçilərə təzyiq edir ki, onlar da boykot etsinlər. Niyə? Nə üçün? Davamlı olaraq boykot qərarı bu günə qədər AXCP-yə və AXCP-nin qərarları xalqa nə qazandırıb?

Hazırlıqsız yaxalandıq, seçkilər ədalətli olmayacaq, bizdən qorxub tez keçirdilər, seçki boş şeydir və sairə kimi sözlər artıq qulaqları mazol edib və doğurdan da vətəndsşlar arasında gülüş doğurur. Nə qədər təkrarçılıq olar? Başa düşmürəm ki, məgər seçki prosesi necə olmalıdır? Bir partiya hakimiyyətini saxlamaq, o biri partiyalar onun əlindən hakimiyyəti almaq istəyir. Hansı ölkədə siyasətçinin qabağına nimçədə hakimiyyət gətirib qoyublar? Gərək xalqla işləyəsən, bir dəfə əziləsən, bir dəfə yıxılasan, bir dəfə qalxasan və xalqı arxanca apara biləsən. Monitor araxaısnda oturnaqla hakimiyyətə gəlmək mümkün deyil. Prezident kürsüsü birdir və elə onu əldə etmək elə asan olsa idi, daha ağrılı-acılı seçkilər nə üçün idi. Amerikada az qala iki il seçki prosesi gedir və az qala müharibəni xatırladır. Söyüşün biri bir qəpik, təhqir, aşağılama, şantaj və onlarla digər xoşagəlməz proseslər. Seçki budur, nə etməli. Bütün dünyada belədir. Heç kim əziyyətsiz və məşəqqətsiz heç nəyə nail ola bilmir.

AXCP sədri Əli Kərimlinin seçkini boykot etməsi başadüşülən deyil. Əgər elə bu qərarı ilə məsələni bağlayıb boxçaya qoysaydı, o zaman biz də cavab verməyə vaxt sərf etməzdik. Əli Kərimlinin hərəkətləri və sözləri ona dəlalət edir ki, seçkiyə qatılanlar müxalifət deyil, əsl namizədlər deyil və hətta xəyanətkardır. Əgər əsl müxalifət sənsənsə, niyə 30 ildən çoxdur ki, elə yerində sayırsan? Niyə 30 ildir ki, partiya sədri kürsüsünü saxlayırsan? Niyə zəli kimi yapışıb kreslodan əl çəkmirsən, əgər kreslodan əl çəkmək özünə demokrat deyənlər üçün belə asandırsa? Nə qədər eyni cümlələri, eyni sözləri və eyni suçlamaları təkrarlamaq olar? Xalq konkret işləri və əməlləri görmək istəyir və onu edənlərin yanındadır.

Əgər bu qədər güclü müxalifətsənsə və özünə güvənirsənsə, al yüzminləri arxana və bir həftəyə imza topla. Al yüz minləri arxana və seçki kampaniyaları keçir. Məgər bu şans deyil ki, seçki ərəfəsində milyonlarla insanla işləyib onlara öz proqramını, arzu və istəyini və fərqli baxışlarını təqdim edəsən?

Hər gün sosial şəbəkələrdə görünmək, onlarla müsahibə vermək və eyni şeyləri hər gün təkrar-təkrar demək bezdirici və yeknəsəqdir. Xalq dinamika, fərqlilik və konkret nəticələr istəyir. Xalqa bəhanələr və özünü sudan quru çıxarmaq üçün məntiqsiz əsaslandırmalar lazım deyil, ona nəticə lazımdır. Müxalifətin boykotunu xalq qəbul etmir və etməyəcək. Belə addım atan partiya və ya şəxs isə daha da zəifləyib kənd dərnəyi səviyyəsinə düşmək təhlükəsi ilə üzləşə bilər.

Biz Milli Cəbhə Partiyası olaraq, sosial-demokratiya ideologiyası ilə Prezident seçkilərinə öz namizədimizlə qatılırıq. Müsbət nəticə qazanmaq üçün xalqla sıx işləyəcəyik. Digər tərəfdən isə, seçkilərdə qalib olmaq Prezident kürsüsünə yiyələnməklə ölçülmür. Bu şans bir partiya və şəxsə qismət olur. Digərləri də dividend qazanır. Biri təcrübə qazanır, o birisi ideyalarını və missiyasını daha çox seçiciyə çatdırmaq və gələcək seçkilər üçün daha münasib zəmin qazanmaq yolu tutur, digərləri isə özünü tanıtmaq istəyir. Bunlar dünyada qəbul olunmuş ölçülərdir. Milli Cəbhə Partiyası da ilk dəfə olaraq öz namizədi ilə seçkilərə qatılır və bunda ilkin uğurumuzdur.

Azərbaycana uğurlu seçki və nəticə arzulayıram.