Vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə
Son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşıma çıxır. Bəzi elanlarda isə böyrək və qaraciyər alıram yazılır. Hətta, avtobus dayancaqlarında da bu elanlar var. Bu məsələdə bir neçə yanaşma ola bilər. Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikinci isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu sevindiricidir. Amma, bu elanlara laqeyd yanaşmaq olmaz.
Mən əlaqədar orqanlara müraciət edirəm. O vətəndaşları dəvət edin, araşdırın ki, onlar niyə daxili orqanlarını satmaq istəyir? Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdən də vacibdir. Bir də bu tip elanlara, altı-satqıya nəzarət olunurmu? Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Onun üçün də ehtiyac ucbatından daxili orqanlarını satan vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmasını xahiş edirəm.
Bu məsələ ilə bağlı aidiyyatı qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlıədən bu məsələni qaldıran şəxs olaraq mənə də yazılı məlumat verilməsini xahiş edirəm.
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin 23 dekabr 2023-ci il tarixdə Parlament çıxışı